Beyləqanda həyətyanı sahədən mərmi tapılması barədə məlumat təsdiqini tapmayıb
Bakı, 19 mart, AZƏRTAC
Martın 18-də saat 18:45-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhərinin H.Hacıyev küçəsində həyətyanı əraziyə 1992-ci ildə mərminin düşməsi və torpağın altında qalması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatın havanın qaranlıq saatlarında daxil olmasını və ərazidə qazıntı işlərinin aparılmasının zəruriliyini nəzərə alaraq agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Beyləqan Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları martın 19-da həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən mərminin düşdüyü ehtimal olunan ümumilikdə 600 kvadratmetr əraziyə baxış keçirilib, mərmi və onun qalıqlarına rast gəlinməyib. Bununla da verilən məlumatın yanlış olduğu müəyyən olunub.