Beynəlxalq idman yarışlarının Bakıda keçirilməsi Azərbaycanın turizm potensialının təbliği baxımından mühüm rol oynayır
Bakı, 3 iyul, AZƏRTAC
Bir dövlətin siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə inkişafının bir-biri ilə sıx vəhdət təşkil etməsi ümumilikdə həmin ölkənin tərəqqisində və beynəlxalq imicinin formalaşmasında həlledici rol oynayır. İdmana və idmançılara dəstəyin artırılması istiqamətində dövlət siyasətinin yaratdığı imkanlar, mütərəqqi ideyaların daha təkmil şəkildə reallaşmasına şərait yaradan şərtlərin olması bu sahədə inkişafın təmin olunmasında çox vacibdir. Son illərdə Azərbaycanın ardıcıl bir neçə mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etməsini təkcə xalqımız deyil, bütün dünya ictimaiyyəti açıq şəkildə görüb.
Bu sözləri Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov AZƏRTAC-a məxsusi açıqlamasında deyib.
Müasir dövrdə dünyada turizmin inkişafının iqtisadi inkişafı stimullaşdıran əsas amillərdən biri olduğunu vurğulayan federasiya prezidenti bildirib ki, istər Azərbaycanın siyasi-iqtisadi inkişafının, istərsə də ölkəmizin yüksək turizm potensialının təbliği baxımından bu yarışların Bakıda keçirilməsinin əhəmiyyəti böyükdür.
“Avro-2020”nin Bakı mərhələsinin artıq başa çatmaqda olduğunu qeyd edən Aqil Acalov deyib: “Azərbaycan cəmi bir neçə ay əvvəl 44 günlük Vətən müharibəsini başa vurmuş olsa da, bu gün yenə ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Çünki qalib xalq daim hər sahədə öz gücünü və bacarığını sübuta yetirə bilir. Döyüş meydanında torpaqlarını düşmən tapdağından azad etməklə müasir tarixinə qəhrəmanlıq səhifələri yazan Azərbaycan bu gün üzərinə düşən digər məsuliyyətli məsələlərin öhdəsindən peşəkarlıqla gəlmək bacarığını da dünyaya sübut etmiş olur. Müharibə zamanı formalaşmış “Dəmir yumruq” əslində ölkəmizdə hər zaman mövcud olub. Xalqımız müharibədən əvvəl də daim bütün sahələrdə öz liderinin yanında olub və bundan sonra da olacaq. Məhz bu amil ölkəmizdə daxili çaxnaşma, qarışıqlıq yaratmağa çalışan qaragüruhçu qüvvələrin bütün cəhdlərini boşa çıxardı. Daim öz liderinə, Müzəffər Ali Baş Komandanına güvənən xalqımız hər addımda onun yanındadır. Bu sarsılmaz birlik xalqımızı qalib xalq, dövlətimizin başçısı İlham Əliyevi Müzəffər Sərkərdə etdi. Davamlı inkişafa yönəlmiş uğurlu siyasətin daimi olması, Azərbaycanın qüdrətli dövlət olaraq yaşaması üçün bu birlik gündən-günə daha da möhkəmlənəcək”.