BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
İclasın başlanğıcında Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane konfransın birinci iş gününə yekun vurdu.
Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış etdi. O dedi ki, 1998-ci ilin sentyabrında bu salonda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və Avropa Birliyinin TASİS-TRASEKA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmin konfransın işində 32 ölkənin dövlət və hökumət başçıları, 12 beynəlxalq təşkilatın rəhbərləri iştirak edirdilər. Bu konfrans nəticəsində “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə
əsas çoxsahəli saziş” və onun texniki əlavələri imzalanmışdır. TRASEKA proqramının həyata keçirilməsi sayəsində yük və sərnişin daşımalarının, ticarətin həcmi artır. Bu isə, təəssüf ki, bir çox hallarda qaçaqmalçılığın, o cümlədən narkotik vasitələrin, prekursorların, silah-sursatın qanunsuz dövriyyəsinin artmasına gətirib çıxarır.
Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Bunu nəzərə alaraq, narkotiklərin Avropaya tranziti üçün respublikamızın ərazisindən “aralıq məntəqə” kimi istifadə etməsinə yol verməməkdən ötrü bütün tədbirlər görülür.
Respublika gömrük idarəsinin başçısı xatırlatdı ki, Azərbaycanda narkomanlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə ümumdövlət vəzifəsidir, xalqımızın ümummilli lideri Heydər Əliyevin vurğuladığı kimi, bu, hər bir xalqın, millətin fiziki və mənəvi sağlamlığı uğrunda mübarizədir”. Azərbaycan bu bəlaya qarşı mübarizəyə qətiyyətlə qoşularaq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsinə aid BMT-nin bütün üç əsas beynəlxalq konvensiyasına qoşulmuş, bir sıra dövlətlərarası sazişlər bağlamışdır. Ölkəmizdə bu sahədə səmərəli qanunvericilik bazası var və narkotiklərin qaçaqmalçılığına və yayılmasına görə ciddi cəzalar nəzərdə tutulur. Bu sahədə idarələrarası tədbirləri əlaqələndirmək üçün daimi fəaliyyət göstərən Dövlət Komissiyası və respublikanın bütün şəhər və rayonlarında müvafiq qurumlar yaradılmışdır.
K.Heydərov bildirdi ki, Azərbaycanda narkovəziyyət hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı ilə hökumət səviyyəsində, Dövlət Komissiyasının iclaslarında müntəzəm müzakirə olunur. Narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair ikinci Ümummilli proqram uğurla həyata keçirilir. Respubika Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı bundan sonra da mübarizə aparacaqdır”.
Komitənin sədri Qarabağ bölgəsinin respublikada narkovəziyyətə nəzarət edilməsinə müəyyən çətinlik törətdiyini xüsusi vurğuladı, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bununla əlaqədar həmin ərazidən MDB və Avropa ölkələrinə narkotik vasitələr daşınmasına müvafiq dövlət orqanlarının nəzarət edə bilmədiyini xatırlatdı.
K.Heydərov dedi ki, bir sıra beynəlxalq forumların Azərbaycanda təşkili, o cümlədən Mərkəzi Asiyada narkotiklərə nəzarət sahəsində regional əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandumun iştirakçısı olan ölkələrin beşinci görüşünün 2003-ci ilin dekabrında Bakıda keçirilməsi, habelə Dünya Gömrük Təşkilatının indiki konfransın təşkilində Azərbaycana etimad göstərməsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkəmizin sanballı töhfəsinin və respublikamızın bu istiqamətdə gördüyü əməli tədbirlərin beynəlxalq aləmdə qiymətləndirilməsini göstərir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə gömrük orqanlarının da fəaliyyətinin öncül istiqamətlərindən biridir. Natiq vurğuladı ki, ölkələrin ayrı-ayrılıqda səyləri narkotiklərin qaçaqmalçılığı ilə uğurlu mübarizə üçün kifayət deyildir. Ona görə də beynəlxalq əməkdaşlıq və informasiya mübadiləsi labüddür. Azərbaycan regional və beynəlxalq təşkilatlarla, MDB, İƏT, GUÖAM, Avropa Birliyi ölkələrinin gömrük xidmətləri ilə sıx əməkdaşlıq həyata keçirir və bu zaman Dünya Gömrük Təşkilatının səmərəli mexanizmlərindən istifadə edir.
Azərbaycanın gömrük orqanlarının 1999-cu ildən 2003-cü ilədək həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə dair 226 fakt aşkara çıxarılmış və əsasən, Əfqanıstan mənşəli 123 kiloqramdan çox narkotik vasitə, o cümlədən güclü təsirə malik narkotiklər tutulub götürülmüşdür. “Bərə keçidi” gömrük məntəqəsində ümumi çəkisi 48,6 ton xaşxaş toxumundan ibarət tranzit yük saxlanılmışdır. Həmin yük müsadirə olunmuş və beynəlxalq təşkilatların, səfirliklərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılmışdır.
K.Heydərov 2003-cü ildə Əfqanıstanda tiryək istehsalının artmasına toxunaraq dedi ki, bu, regionda narkovəziyyətə açıq-aşkar mənfi təsir göstərir. Məsələn, Azərbaycanın gömrük orqanları 2003-cü ildə narkotik vasitələrin qaçaqmalçılığına dair 66 fakt qeydə almış və təxminən 45 kiloqram narkotik maddəni qanunsuz dövriyyədən götürmüşdür, özü də bunların 90 faizindən çoxu tiryək, həşiş və heroin kimi güclü narkotiklərdir.
Dövlət Gömrük Komitəsinin sədri əmin olduğunu bildirdi ki, Bakı konfransı ölkələrin gömrük xidmətləri ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq, hazırlanmış qərarlar isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılmasına kömək edəcəkdir.
Gündəlikdəki məsələlərin müzakirəsində Bolqarıstan, Macarıstan, İran və digər ölkələrin gömrük xidmətlərinin nümayəndələri iştirak etdilər.
Konfransın iştirakçıları Bakı bəyannaməsi qəbul etdilər. Sənəddə, o cümlədən deyilir ki, beynəlxalq konfransın iştirakçıları:
Narkotiklərin, prekursorların, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və digər növ fırıldaqların ictimai sağlamlığa və cəmiyyətin tərəqqisinə ciddi və getdikcə artan təhlükə törətdiyini təsdiq edərək;
narkoalverçilərin fəaliyyətinin narkotik vasitələrin və psixotrop vasitələrin beynəlxalq hərəkətini, habelə pulların leqallaşdırılmasını, o cümlədən mütəşəkkil çinayətkarlığı əhatə etməsi faktını dərk edərək;
beynəlxalq terrorizmin narkotiklərin qaçaqmalçılığından və mütəşəkkil cinayətkarlığın digər formalarından əldə edilən vəsaitlə maliyyələşdirildiyini bilərək;
Böyük İpək Yolu marşrutunun iqtisadi və kommersiya əhəmiyyətini və həmin strateji yol və Şərqlə Qərbi birləşdirən dəmir yolu boyunca leqal ticarətin maneəsiz axınını sadələşdirməyin zəruriliyini qeyd edərək...
narkotiklərin, psixotrop maddələrin, prekursorların qanunsuz dövriyyəsinə və gömrük saxtakarlığının digər növlərinə qarşı mübarizə məqsədi ilə müvafiq tövsiyələr işlənib hazırlamışlar.
Bununla da beynəlxalq Bakı konfransı öz işini başa çatdırmışdır.