Beynəlxalq konfransda sosial sahibkarlıq sahəsində Azərbaycan təcrübəsi barədə məlumat verilib
Tbilisi, 1 iyul, AZƏRTAC
“Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində “Qonşuluqdakı dəyər” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanda məşğulluğun təmin olunması, sosial layihələrin maliyyələşdirilməsi və bu yolla işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Taleh Hüseynli söyləyib.
Onun sözlərinə görə, konfransda Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub.
Nümayəndə heyətinin üzvləri konfransda və panel iclaslarda öz sahələri üzrə çıxış edərək Azərbaycanda sosial sahibkarlıq sahəsində görülən işlər, qanunvericilik sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, həmçinin yeni sərmayələrin cəlb olunması istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışıblar.
Bildirilib ki, Azərbaycanda hazırda sosial sahibkarlıq ekosisteminnin yaradılması ilə bağlı qanunvericilik bazası yaradılır. Qanunlar hazırlanarkən beynəlxalq təcrübə də diqqətlə öyrənilir.
“Azərbaycanda məşğulluğun təmin olunması istiqamətində dövlət və özəl sektorun fəaliyyəti barədə məlumatlar konfrans iştirakçılarında böyük marağa səbəb olub. Lakin biz daha böyük uğurlar qazanmaq üçün qanunvericilik bazamızı inkişaf etdirməliyik. Bunun üçün də çalışırıq ki, beynəlxalq təcrübəni öyrənərək ölkəmizdə dövlət və özəl sektorun birgə iştirakı ilə müvafiq qanunvericilik bazasının yaradılmasına töhfə verək”, - deyə T.Hüseynli vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dəyər üçün əməkdaşlıq” proqramı Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən icra olunur. Konfransın əsas məqsədi təsir əsaslı sərmayələrin cəlb olunması, dəyər fondunun əhəmiyyəti, sosial sahibkarlıq ekosistemin təkmilləşdirilməsi üzrə müzakirələrin təşkili, dövlət qurumları ilə effektiv əməkdaşlıqların qurulması və yeni təkliflər əsasında fəaliyyətlərin həyata keçirilməsidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi