Beynəlxalq “Təhsil” turnirində ən güclü sərbəst güləşçilər müəyyənləşib
Bakı, 17 dekabr, AZƏRTAC
Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın ikinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəkidə çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Bakı İdman Sarayında keçirilən turnirdə Bəşir Verdiyev (48 kq), Rəvan Rəhimli (55 kq), Xızır Dasiyev (65 kq, Fransa), Muhammadamin Abdullayev (80 kq, Tacikistan), Yedige Kasimbek (110 kq, Qazaxıstan) qaliblər sırasına qoşulub. Bununla da yarışda sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.
Son iki gündə yunan-Roma güləşçiləri çıxış edəcək.
Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir. Yarışın son iki günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.