ELM VƏ TƏHSİL
Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasından 11 il ötür
Nur-Sultan, 25 may, AZƏRTAC
Bu gün Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasından 11 il ötür. Bu illər ərzində Akademiya qədim dövrlərdən günümüzə qədər türk xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fundamental araşdırmalar aparan başlıca təşkilata çevrilib.
AZƏRTAC xəbər verir ki, bu gün Beynəlxalq Türk Akademiyasının institusional sənədlərinin imzalanması prosesi başa çatıb və tamhüquqlu bir təşkilatdır.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Beynəlxalq Türk Akademiyasının tamhüquqlu üzvləri, Macarıstan isə assosiativ üzvdür. Özbəkistan, Monqolustan, Pakistan və digər dövlətlərlə elm və təhsil sahəsində yüksək səviyyəli əlaqələr genişlənməkdədir.
Xatırladaq ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Sammitində Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin türk dünyasının öyrənilməsi üçün xüsusi beynəlxalq təşkilatın qurulması barədə təşəbbüsü yekdilliklə dəstəklənib.
Beləliklə, tarixi Naxçıvan müqaviləsi əsasında türkdilli ölkələrin mənəvi və elmi inteqrasiyasını təşviq etmək məqsədilə 2010-cu il mayın 25-dən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türk Akademiyası fəaliyyətə başlayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan