Binə qəsəbəsində evdən seyf oğurlayan şəxslər yaxalanıblar
Bakı, 15 mart, AZƏRTAC
Binə qəsəbəsində evlərin birindən içərisində 4500 manat məbləğində nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətiriblər. Onlar seyfi sındıraraq içərisindəki pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.
Seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barələrində cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.