“Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı olub VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Belçika və Lüksemburqa rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib ekran əsəri barədə məlumat verib.
Bildirib ki, bu film tamaşaçılara Ümummilli Lider Heydər Əliyevin Avropanın əsas siyasi təşkilatlarının qərargahlarının yerləşdiyi Belçika və Lüksemburqa rəsmi səfərinin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycan ilə bu məşhur Avropa ölkələri və təşkilatları arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.
Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq 7-ci filmdir. Buna qədər yaradıcı heyət Ulu Öndərin İtaliya, Çin, Yaponiya, Türk dünyası, Böyük Britaniya və Fransa səfərləri haqqında filmlər hazırlayıb. Bu filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.
Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə ərsəyə gəlib.