REGİONLAR
Birinci Qarabağ müharibəsi şəhidi Gülverdi Hüseynovun nəşi Qobu qəsəbəsində dəfn olunub
![](/files/galleryphoto/2023/2/1200x630/16928125771015931307_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125774193954746_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125773925634503_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125774442434370_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125774830924128_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1692812577513344410_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125774849535846_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16928125776137517609_1200x630.jpg)
Qobu, 23 avqust, Ə.Rzayeva, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı Qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin qalıqları aşkarlanıb. Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərdən birinin Abşeron rayonunun Qobu qəsəbə sakini, 1951-ci il 25 fevral təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun nəşi bu gün - avqustun 23-də Qobu qəsəbə qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunub.
Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.
Mərasimdə yaxınları qeyd ediblər ki, 1992-ci il yanvarın 26-da Gülverdi Hüseynovun şəhid olması ilə bağlı məlumat ailəsinə verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.
Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra Vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi Vətəninə xidmət edib.
Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Mərasimdə şəhidin ailə üzvləri, o cümlədən şəhidin nəvəsi Əkbər Qasımov bildiriblər ki, hər zaman Gülverdi Hüseynovun meyidinin tapılmasını, ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. 31 ildən sonra şəhidin nəşinin gətirilərək Qobu qəsəbəsində dəfn edilməsini çox yüksək qiymətləndirən ailə üzvləri buna görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.