Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov İmişli rayonunda torpağa tapşırılıb VİDEO
İmişli, 31 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Ağamməd oğlu Heydərov oktyabrın 31-də İmişli rayon Ağaməmmədli kənd qəbiristanlığında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağaməmmədli kəndində itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Elçin Heydərov 1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Elçin Heydərov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.