Bişkekdə “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi” rəsmi qeydiyyatdan keçmişdir
Bişkek, 22 avqust (AZƏRTAC). Bişkekdə yaşayan Azərbaycan diasporunun fəalları “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi” (QAƏM) adlı yeni diaspor təşkilatı yaratmışlar. Qırğızıstanın Ədliyyə Nazirliyi bu qurumu rəsmən qeydiyyata almışdır.
Uzun illər Bişkekdə yaşayan və ədliyyə orqanlarında çalışan milis polkovniki Cəbi Rəsulov QAƏM-nin sədri seçilmişdir.
Cəbi Rəsulov demişdir ki, yeni diaspor təşkilatı indiyədək Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan icmaları, mədəniyyət mərkəzləri və fondlarını öz ətrafında birləşdirmək, görüləcək işlərimizi əlaqələndirmək məqsədi ilə yaradılmışdır. Əminəm ki, fəaliyyətimizi bu istiqamətdə qura biləcəyik. Mərkəz Azərbaycanın tarixi, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, həmçinin bugünkü iqtisadi inkişafı barədə məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri və digər məsələləri bu ölkədə yaymaq və təbliğ etmək funksiyalarını da öz üzərinə götürmüşdür.
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov isə demişdir ki, çoxdan belə bir qurumun yaradılmasına ehtiyac vardı. Belə ki, ölkədəki Azərbaycan diaspor təşkilatları pərakəndə fəaliyyət göstərirdi. Yeni yaradılmış QAƏM bu təşkilatların işini əlaqələndirəcək ki, bunun da faydası daha çox olacaqdır. Təşkilat xeyriyyə tədbirləri də keçirəcək. Elə bu günlərdə Ramazan bayramı münasibətilə 30 aztəminatlı azərbaycanlı ailəsinə bayram payı göndərilmişdir. Biz bu sahədə də fəaliyyətimizi genişləndirmək fikrindəyik.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek