Biznes mühitindəki dəyişikliklər istehlakçıların hüquqlarının qorunması sahəsində səylərin artırılmasını şərtləndirir
Bakı, 15 mart, AZƏRTAC
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitindəki dəyişikliklər istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını şərtləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, istehlakçıların hüquqlarının qorunmasında dünya təcrübəsinin araşdırılması, eləcə də dövlət orqanları, qeyri-hökumət təşkilatları, biznes subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi aktual məsələlərdəndir. Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hər kəsi narahat edən problem olaraq qalır. Bu gün ölkəmizdə istehlakçıların mənafelərinin qorunması üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş tədbirlər həyata keçirilir.
Bu gün ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi, o cümlədən daxili bazarın formalaşdırılması və qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifələrdən biri mövcud tələbatın yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Həmçinin ölkəmizdə istehlakçıların hüquqlarının qorunması istiqamətində sahibkarların digər maraqlı tərəflərlə əlaqələrinin genişləndirilməsinin təşviqi üçün daha əlverişli mühitin yaradılması əsas prioritet vəzifələrdən biridir.
"Təqdirəlayiq haldır ki, ölkəmizdə bu siyasətin həyata keçirilməsində, belə tədbirlərin təşkilində biznes subyektləri özləri təşəbbüs göstərərək fəal iştirak edirlər. Əlbəttə ki, bu cür tədbirlər ölkə iqtisadiyyatının inkişafına töhfədir. Bundan irəli gələrək, KOBİA tərəfindən mütəmadi olaraq ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların iştirakına, o cümlədən mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə müvafiq dəstək göstərilməkdədir. Həyata keçirilən bu kimi tədbirlər zamanı istehlakçıların maraqları nəzərə alınaraq, biznes subyektlərindən təqdim etdikləri məhsul və xidmətlərin müvafiq standartlara cavab verməsi tələb olunur", - deyə O.Məmmədov bildirib.
O qeyd edib ki, istehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların, xüsusilə də sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar, keyfiyyətli və müvafiq standartlara cavab verən məhsul və xidmətlərin istehlakçılara təqdim edilməsi məqsədilə KOBİA tərəfindən istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müxtəlif maarifləndirici görüş, təlim, seminar və digər bu kimi tədbirlər təşkil edilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Bununla yanaşı, 15 vətəndaş cəmiyyəti institutunu və biznes assosiasiyaları birləşdirən KOBİA yanında İctimai Şuranın əsas fəaliyyət gündəliyinə daxil olan məsələlərdən biri də istehlakçıların hüquqlarının qorunmasında iştirak etməkdir.
“Qazanılacaq təcrübə istehlakçıların hüquqlarının qorunmasının daha da təkmilləşdirməsinə, eləcə də bu sahədə biznes subyektlərinin aidiyyəti dövlət orqanları ilə əlaqələrinin genişləndirilməsinə xidmət edəcək”, - deyə O.Məmmədov əlavə edib.