Böhranların öhdəsindən uğurla gələn dövlətlər dəyişən şəraitə daha sürətlə uyğunlaşan ölkələrdir
Bakı, 24 iyun, AZƏRTAC
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə dost Azərbaycana təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şura sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer deyib.
O qeyd edib ki, son illər baş verən beynəlxalq böhranlar – münaqişə və qarşıdurmalar, təchizat zəncirlərində yaranan problemlər dayanıqlı inkişafın artıq təhlükəsizlik, sabitlik, davamlılıq və insan kapitalı ilə sıx bağlı olan hərtərəfli sivilizasiya layihəsinə çevrildiyini aşkarlayıb.
“Böhranların öhdəsindən uğurla gələn dövlətlər ən varlı ölkələr deyil, daha hazırlıqlı, dəyişən şəraitə daha sürətlə uyğunlaşan ölkələrdir. Əgər bu gün dünya gələcəyə doğru bir yarışdadırsa, İslam dünyası da həmin gələcəyin formalaşdırılmasında sadəcə onun təsirinə məruz qalan deyil, əsas tərəfdaşlardan biri olmaq üçün kifayət qədər potensiala malikdir”, - deyə sədr müavini vurğulayıb.