“BÖYÜK SƏKKİZLİYİN” SANKT-PETERBURQ TOPLANTISI ƏVVƏLKİNDƏN 10 DƏFƏ BAHA BAŞA GƏLMİŞDİR
RF Prezidentinin işlər müdiri, G8 Təşkilat Komitəsi sədrinin müavini Vladimir Kojinin verdiyi məlumata görə, Sankt-Peterburq sammitinin keçirilməsinə 10,7 milyard rubl sərf edilmişdir. Bilavasitə xərclər 3,2 milyard rubl olmuşdur, qalan vəsait “Pulkovo” hava limanının qalxma-enmə zolağının təkmilləşdirilməsinə, avtomobil yollarının və şəhər infrastrukturunun tikintisinə və yenidən qurulmasına sərf edilmişdir.
Qəzet yazır ki, Strelnada jurnalistlərin işlədikləri yığma pavilyonun quraşdırılmasına 270 milyon rubl, G8 iştirakçıları üçün nəqliyyat vasitələri alınmasına 3,2 milyard, G8 liderlərinin yaşadıqları Konstantinov sarayının ərazisində kotteclərin üçgünlük icarəsinə 300 min dollar, jurnalistlərin “Baltiyskaya zvezda” mehmanxanasında qalmasına da təxminən bir o qədər vəsait xərclənmişdir. Bundan əlavə, dövlət başçılarının Petrodvoretsdə təkcə bir naharı bir milyon dollara başa gəlmişdir.
Kojin bildirmişdir ki, “Böyük səkkizlik” liderlərinin istifadə etdikləri elektromobillər sammitdən sonra satışa çıxarılacaqdır. Mətbuat mərkəzində qoyulmuş 800 kompyuterin 300-ü Sankt-Peterburq məktəblərinə veriləcəkdir.
Xatırladaq ki, 2005-ci il sammitinin təşkilatçıları sərf etdikləri 80 milyon funt-sterlinqin 65 milyonunu “geri qaytara” bilmişdilər.