“bp-AZƏRBAYCAN”IN PREZİDENTİ BTC-NİN MÜHAFİZƏSİNDƏ ÖZƏL ŞİRKƏTLƏRİN İŞTİRAKINI İSTİSNA ETMİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Devid Vudvord Tbilisidə keçirilmiş mətbuat konfransında demişdir: “Biz Gürcüstan Dövlət Mühafizəsi Xidmətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlərdən razıyıq. Bununla belə, neft kəmərinin mühafizəsi üçün özəl şirkətlərdən də istifadə olunması məsələsinin ortaya çıxa biləcəyi istisna edilmir”.
Vudvordun sözlərinə görə, bu şirkətlər elə seçiləcəkdir ki, sərmayəçilər də, Dövlət Mühafizəsi Xidməti də razı qalacaqlar. O bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisində işlər nəzərdə tutulan cədvəl üzrə gedir və boru kəməri neftin nəql edilməsinə 2005-ci ilin əvvəllərində hazır olacaqdır.
Şirkətin prezidenti vurğulamışdır ki, layihənin maliyyələşdirilməsi məsələləri ilə bağlı işlər yaxın günlərdə başa çatdırıldıqdan sonra müvafiq saziş imzalanacaqdır.
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya demişdir ki, əsas ixrac boru kəmərinin özəl şirkətlər tərəfindən mühafizəsi məsələsi hələlik qəti olaraq həll edilməmişdir. Eyni zamanda, o bildirmişdir ki, neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi ilə, həmişəki kimi, yenə də Dövlət Mühafizəsi Xidməti məşğul olmalıdır və olacaqdır. Özəl şirkətlərə gəldikdə, onlar yalnız Dövlət Mühafizəsi Xidməti ilə müvafiq saziş bağladıqdan sonra ancaq neft kəmərinin inşasında istifadə olunan tikinti materiallarının, texnikanın və sairənin mühafizəsinə cəlb edilə bilərlər.