İQTİSADİYYAT
BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni uğurla başa çatdırıb
Bakı, 5 iyul, AZƏRTAC
Bu gün BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.
BP bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində BP və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək verib.
Bu sonrakı layihənin məqsədi isə tələbələrə, həmçinin müəllim heyətinə təlim keçməklə universitetlərdə layihələrin idarə edilməsi potensialını əlavə resurslarla daha da gücləndirmək olub.
On dörd aylıq (2021-ci il noyabr - 2023-cü il yanvar) bu layihə çərçivəsində səkkiz ali təhsil müəssisəsini - Azərbaycan Turizm və Menecment, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Texniki, Bakı Mühəndislik, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Memarlıq və İnşaat universitetləri, Dövlət İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyasını təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Birini tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz, digərini isə BP-nin özünün maliyyələşdirdiyi bu iki proqram yerli universitetlərin yerli təşkilatlarla və get-gedə daha çox sayda beynəlxalq tərəfdaşlarla həyata keçirdikləri layihələrin peşəkar şəkildə idarə edilməsi üçün lazım olan səriştə və bacarıqları yaratmaq və inkişaf etdirmək üçün nəzərdə tutulub. Çox məmnunuq ki, bu iki layihəmiz sayəsində yerli universitetlərin əksəriyyəti indi artıq öz layihələrini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətləri çərçivəsində bağlanan qrant müqavilələrini effektiv şəkildə idarə etmək üçün yaxşı bilik, müasir metod və mexanizmlər və ən əsası beynəlxalq və milli sertifikatlı mütəxəssislərlə təmin olunub”.
Layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan IPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli AzPMA (Azərbaycan Layihə İdarəetmə Assosiasiyası) sertifikatlarına layiq görülüb.
Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.
Layihə çərçivəsində həmçinin səkkiz universitetin hamısına layihələrin idarə edilməsi ofislərini yaratmaqda kömək məqsədilə bu sahə üzrə mütəxəssis konsultasiyaları verilib.
Dəyəri 209 min 703 AZN olan bu layihənin icraçısı AzPMA idi.