SİYASƏT
Braziliyanın xəbər agentliyində Qarabağ həqiqətlərindən danışılıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Braziliyanın “SPT News” xəbər agentliyi Azərbaycanın səfiri Rəşad Novruzun müsahibəsini dərc edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibə zamanı səfir Ermənistan tərəfinin “Azərbaycan tərəfindən Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsi”nə dair iddialarına cavab olaraq bildirib ki, əgər Azərbaycan tərəfi etnik təmizləmə siyasəti həyata keçirsəydi Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinə razı olmazdı, Qarabağda məskunlaşan ermənilərin Ermənistanla birləşdirən Laçın yolu, eyni zamanda, onların ehtiyaclarının qarşılanması üçün digər müvafiq yolların və infrastrukturun salınmasında maraqlı olmazdı, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini 3 il gözləməz, həmçinin həmin tədbirləri 1 gün içində dayandırmazdı, Qarabağda yaşayan erməni sakinlərlə birbaşa təmasların qurulmasına səy göstərməzdi.
Antiterror tədbirlərindən bəhs edən səfir R.Novruz bu zamanı mülki əhalinin təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirildiyini, yüksək dəqiqliyə malik silahlardan istifadə edilərək yalnız hərbi təyinatlı məntəqələrin legitim hədəf seçildiyini vurğulayıb.
R.Novruz, həmçinin Qarabağın erməni sakinləri ilə 21 sentyabr tarixində Yevlax şəhərində keçirilmiş görüşə toxunaraq, Azərbaycan tərəfinin dialoqa həmişə açıq olduğunu, torpaqlarımızda yaşayan ermənilərin hüquqlarının ölkə Konstitusiyasına uyğun olaraq qorunacağını və bununla bağlı ali rəhbərlik tərəfindən xalqa müraciət zamanı səsləndirilən sülh çağırışları və verilən təminatı xüsusi qeyd edib.