“British Airways” azərbaycanlı turistlər üçün endirim kampaniyasına başlamışdır
Bakı, 11 sentyabr (AZƏRTAC). “British Airways” aviaşirkəti azərbaycanlı turistləri Böyük Britaniya ilə tanış olmağa dəvət edir.
“Visit Britain” adlanan xüsusi kampaniya çərçivəsində aviaşirkət bir sıra istiqamət üzrə biletlərin qiymətini endirərək, Böyük Britaniyaya səyahət edənlərə məhdud tariflərdən və endirimdən yararlanmağa təklif edir.
Şirkətin Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, turistlərə “Big British Invite” kampaniyası çərçivəsində Londonun Harrods’s, Liberty və Westfield kimi mərkəzi küçələrində yerləşən brend butiklərində ekslüziv endirimlər təklif edir. Butiklərdə endirimdən yararlanmaq üçün alıcılar “British Airways”ın hədiyyə kartını təqdim etməlidirlər.
Bundan əlavə, kampaniya çərçivəsində “British Airways” şirkəti müştərilərinə London dəb həftəsi, Devid Bekhemin yeni sərgisi kimi tədbirlərdə iştirak etmək, həmçinin Böyük Britaniyanın zəngin mədəniyyəti və irsi ilə tanış olmaq imkanı yaradır.
“Azərbaycan bazarı bizim üçün çox vacibdir və biz müştərilərimizlə qarşılıqlı əlaqənin inkişafı üçün daim yeni yollar axtarışındayıq. Böyük Britaniya ilboyu həm alış-veriş, həm də mədəniyyət və incəsənətlə tanış olmaq üçün gözəl məkandır. Biz xüsusi tarif və təkliflərimizlə Azərbaycandan olan qonaqlarımızı Böyük Britaniyada salamlamaqdan çox şadıq. “British Airways” Böyük Britaniya qonaqpərvərliyi ilə tanış olmaq üçün ən yaxşı fürsətdir”, - deyə aviaşirkətin Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional kommersiya direktoru Paolo de Renzis bildirmişdir.
Hazırda Böyük Britaniyaya gələnlər əsasən London aviareysindən istifadə edirlər. Lakin son vaxtlar Mançester, Qlazqo və Edinburq istiqamətində də sərnişinlərin dinamikasında artım müşahidə olunur. Bu tələbatı ödəmək məqsədilə “British Airways” aviaşirkəti ekslüziv tarifləri çərçivəsində Mançester, Qlazqo, Edinburq, Aberdin, Lids və Cersi şəhərlərinə uçuşları London tarifinə əlavə olaraq endirimlə təklif edir.
Böyük Britaniyaya səyahət edənlər məhz Azərbaycan bazarı üçün nəzərdə tutulmuş endirimli tariflərlə bu ölkəni ziyarət edə bilərlər. Kampaniya sentyabr ayında minimal qiyməti 484 avro təşkil edən “World Traveler” sinfinə alınan aviabiletlərə şamil olunur.