Bu gündən Memarlıq və İnşaat Universitetində “Qış məktəbi”nə başlanılır
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi tələbələr üçün hər il təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsinə başlanılır.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar onlayn platforma üzərindən həyata keçiriləcək qış məktəbi fevralın 13-nə qədər davam edəcək. Layihənin iştirakçı sayı 100-dən çoxdur. Əksəriyyəti Rusiya Federasiyası olmaqla başqa ölkələrin universitetlərindən də iştirakçılar müraciət ediblər.
Layihənin budəfəki mövzusu “Pandemiyadan sonra memarlıq və şəhər” adlanır. Layihə çərçivəsində master-klaslar, Heydər Əliyev Mərkəzi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər məkanlara virtual səfərlər nəzərdə tutulur. Layihənin sonunda ən yaxşı işlər qiymətləndiriləcək və müəlliflər sertifikatla təltif olunacaq.
Qeyd edək ki, AzMİU-da beynəlxalq “Qış məktəbi” 2017-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Yerli universitetlərin təcrübəsindən fərqli olaraq AzMİU-nun bu layihəsində əcnəbi ölkələrin tələbələri iştirak edirlər. Layihədə əsas məqsəd təkcə universiteti xarici ölkədə tanıtmaq deyil, eyni zamanda, Azərbaycanı, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini təbliğ etməkdir.