Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzi istifadəyə veriləcək
Şəmkir, 13 mart, Rauf Hacıyev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzinin tikintisinə başlanılıb.
Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə tikinti işinin başa çatdırılması və mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.
Həmin müəssisədə sağlamlıq imkanları məhdud uşaqlara müasir fizioterapiya metodları əsasında kompleks bərpa müalicəsi xidmətləri göstəriləcək. Bərpa mərkəzində il ərzində 300-dən çox uşaq stasionar və 500-dək uşaq ambulator formada reabilitasiya xidmətləri ilə təmin olunacaq.