BÜTÜN GÜRCÜ XALQI HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARDIR VƏ ONUN XATİRƏSİNİ HƏMİŞƏ ƏZİZ TUTUR
Azərbaycanın dost, qonşu Gürcüstan ilə syasi, iqtisadi, mədəni əlaqələrə böyük əhəmiyyət verdiyini, ikitərəfli iqtisadi əməkdaşlıq sahəsində uğurla həyata keçirilən Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi-Ərzurum iri neft və qaz layihələrinin bölgə üçün böyük perspektivlər açdığını bildirən Milli Məclisin sədri demişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq, qardaşlıq əlaqələri inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Parlamentin spikeri onu da vurğulamışdır ki, regiondakı bəzi münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ölkələrimizin inkişafına ciddi maneələr yaradır. Azərbaycan bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Parlamentlərarası əlaqələrin inkişafına toxunan Murtuz Ələsgərov Gürcüstan parlamentinin rəhbərliyi, ayrı–ayrı deputatları ilə keçirilən görüşlərin, qarşılıqlı səfərlərin mövcud əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini xüsusi vurğulamışdır.
Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentindəki “Majoaritarı” fraksiyasının sədri Cuqeli Beso demişdir ki, bu səfərin əsas məqsədlərindən biri ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi xidməti olmuş Heydər Əliyevin 81 illik yubileyində iştirak etməkdir. Heydər Əliyev təkcə Azərbaycanda deyil, Gürcüstanda da çox sevilir. Məhz bu tarixi şəxsiyyət bir sıra regional layihələrdə Gürcüstanın da iştirakını təmin etməklə bizim iqtisadiyyatımızın inkişafına böyük töhfə vermişdir. Bütün gürcü xalqı Heydər Əliyevə minnətdardır və onun xatirəsini həmişə əziz tutur.
Heydər Əliyev siyasi kursunun bu gün də uğurla davam etdirildiyini bildirən, regiondakı münaqişələrə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Cuqeli Beso demişdir ki, Gürcüstan bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. O, Azərbaycan hökumətinin qısa vaxt ərzində böyük iqtisadi dirçəlişə nail olduğunu və inkişaf səviyyəsinə görə ətraf ölkələrdən kəskin fərqləndiyini vurğulamış, regionda sülhün və əmin–amanlığın qorunması, münaqişələrin ədalətli həlli, habelə ölkələrimizin gələcək inkişafı naminə bundan sonra da sıx işbirliyi şəraitində çalışacağına, əməkdaşlığın yeni layihələr üzərində davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.