MƏDƏNİYYƏT
“Caspian-European Tourism Club”ın iclası keçirilmişdir
Bakı, 11 sentyabr (AZƏRTAC). Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) tərkibində fəaliyyət göstərən “Caspian-European Tourism Club”ın qapalı iclası olmuşdur.
İclası “Grand Hotel Europa” otelinin baş meneceri, “Caspian-European Tourism Club”ın həmsədri Elgün Məmmədov aparmışdır.
CEIBC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən otellərin, aviaşirkətlərin və turizm şirkətlərinin rəhbərləri iştirak etmişlər.
İclas CEIBC-in üzvü olan şirkətlərin təmsilçilərinin mədəniyyət və turizm, nəqliyyat, maliyyə, vergilər, iqtisadi inkişaf, əmək və sosial müdafiə nazirləri, habelə Mərkəzi Bankın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşünə hazırlıq çərçivəsində keçirilmişdir.
CEIBC-in baş icraçı direktoru Telman Əliyev iştirakçılara klubun məqsəd və vəzifələrindən danışaraq, belə tədbirlərin biznes-hakimiyyət dialoqu yaratmaq istəyən iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O əlavə etmişdir ki, şirkətlər özləri dövlət strukturlarının nümayəndələrinə biznes mühiti yaxşılaşdırmağa imkan verən təkliflər ünvanlamalıdırlar.
E.Məmmədov ölkənin turizm sektorunun inkişafında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolunu vurğulamışdır. O, şirkətlərə problemlərdən danışmaqla bərabər, onların həlli yollarını təklif etməyi, Azərbaycanın imicini yaxşılaşdırmaq üçün daha fəal olmağı təklif etmişdir.
Şirkət nümayəndələri onları maraqlandıran məsələləri, maliyyə sahəsində problemlərin həlli yollarını müzakirə etmişlər.