CƏNUB BÖLGƏSİNƏ YAĞAN ARAMSIZ YAĞIŞ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ BİR SIRA PROBLEMLƏR YARATMIŞDIR
Lənkəran, 6 oktyabr (AZƏRTAC). Oktyabrın 4-dən başlayaraq cənub bölgəsinə yağan aramsız yağış yaşayış məntəqələrində bir sıra problemlər yaratmışdır.
AZƏRTAC xəbər verir ki, gün ərzində Lənkəran rayonuna yağan yağışın miqdarı 53,1, Astara rayonunda isə 50,2 millimetr olmuşdur. Bu isə aylıq normanın 20 faizini təşkil edir. Lənkəran şəhərinin bəzi küçələri və fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basmışdır. Şəhərin Zərifə Əliyeva, Hacı Zeynalabdin Tağıyev, Müslim Moqamayev, Füzuli, Səmədzadə küçələrində yerləşən evlərin həyətlərində suyun səviyyəsi 1 metrə çatmışdır. Şəhər 2 nömrəli və Digah kənd orta məktəbinin həyətini və ətrafındakı küçələri su basdığından şagirdlərin məktəbə gediş-gəlişində çətinlik yaranmışdır.
Yaranmış vəziyyətlə bağlı Lənkəran rayon fövqəladə hallar komissiyası (FHK) su başmış ərazilərə əlavə texnika və işçi qüvvəsi cəlb etmişdir.
Hazırda rayon abadlıq kombinatının fəhlələri küçələrdən və həyətlərdən suyu kənara axıdır, Yuxarı Xanbulançay Hidroqovşağının, rayon su-kanal idarəsinin maşın və mexanizmləri isə suötürücü kanalları təmizləyir.
Rayon FHK-nin yığıncağında yaranmış vəziyyət ətraflı müzakirə edilmiş və görüləcək işlər barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Lənkəran-Lerik yolunun 23, 24 və 29-cu kilometrliyində də bəzi problemlər yaranmışdır. Torpaq sürüşməsi, qayalardan qopan daş parçaları və yolboyu ağacların yıxılması yolda hərəkətin dayanmasına səbəb olmuşdur.
Lerik FHK-nın həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində magistral yolda avtomobillərin hərəkəti bərpa edilmişdir. Hazırda həmin yolda iş davam etdirilir.
Qeyd edək ki, cənub bölgəsinə yağan yağış oktyabrın 6-da günün birinci yarısında müəyyən qədər səngisə də, günortadan sonra yenə yağmağa başlamışdır.
İntensiv yağış bölgənin sosial obyektlərinə, enerji və rabitə təsərrüfatına ziyan vurmamışdır.