Cənubi Sinay Azərbaycandan turist axınını artırmağı planlaşdırır
Şərm-əş-Şeyx, 17 iyun, Laçın Sultanova, AZƏRTAC
Misirin Cənubi Sinay əyaləti Azərbaycandan turist axınını artırmağı planlaşdırır.
AZƏRTAC-ın Misirə ezam edilmiş müxbiri xəbər verir ki, bu fikri azərbaycanlı jurnalistlərlə görüşdə Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fouda bəyan edib.
Rusiya və Britaniya hökumətlərinin öz vətəndaşlarına Misirə getməyi qadağan etməsi ilə əlaqədar bu kurort şəhərciyinə gələn turistlərin sayının ötən ilin sonundan xeyli azaldığını xatırladan qubernator ölkə hökumətinin ərəb ölkələrindən, habelə Azərbaycan, Gürcüstan və Qazaxıstandan turist axınını artırmaq niyyəti barədə məlumat verib.
2015-ci ilin mayında Azərbaycana səfərini, Prezident İlham Əliyev ilə görüşünü məmnuniyyətlə xatırlayan X.Fouda deyib ki, bu səfər öz bəhrəsini verib. Artıq Şərm-əş-Şeyx və Bakı arasında müntəzəm aviareys işləyir ki, bu da turistlərin sayının artmasına təsir edəcək.
Şərm-əş-Şeyxdə istirahət üçün təqribən 60 min nömrə olduğunu, daha 10 min nömrənin tikildiyini bildirən qubernator deyib: “Müntəzəm aviareys Misirlə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə, o cümlədən turizm sahəsində inkişafına kömək edəcək”.
Qubernatorun sözlərinə görə, Misirin bu regionunda turizmin zəvvarlıq və müalicəvi növlərinin yeni inkişaf planı işlənib hazırlanıb. O bildirib ki, turizmin bu növlərini inkişaf etdirmək üçün Sinay adasında qədim Müqəddəs Yekaterina monastırı var, 200 növ müalicəvi dərman bitkisi bitir, 5 müxtəlif qoruq fəaliyyət göstərir.
Əyalətin yeni inkişaf planına görə, yaxtaların yan alması üçün xüsusi limanlar, Disneylend tipli böyük əyləncə şəhəri, 3 min nəfərlik konfrans zalları olan biznes-mərkəzlər inşa ediləcək.
Qubernator AZƏRTAC-ın müxbirinin Cənubi Sinayın perspektiv inkişaf planının həyata keçirilməsində azərbaycanlı sərmayədarların iştirakı barədə sualına cavabında deyib ki, Misirin qapıları sərmayədarların üzünə açıqdır. O xatırladıb ki, Azərbaycan ilə Misir Ərəb Respublikasının Cənubi Sinay əyaləti arasında turizm və inşaat kimi sahələrə sərmayə yatırmağa imkan verən sazişlər imzalanıb.