ÇİN XALQ RESPUBLİKASININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Çinin dövlət himnləri səsləndi.
ÇXR-in ölkəmizdəki səfiri Çjan Xayçjou qəbulda çıxış edərək dedi ki, ötən 57 il ərzində Çin xalqı əməksevərliyi, müdrikliyi, gərgin əməyi sayəsində yoxsulluğu aradan qaldıraraq, müasir inkişaf yoluna qədəm qoymuşdur. Ötən il Çinin ümumi daxili məhsulu 2,2 trilyon dollar təşkil etmiş və ölkə bu göstəriciyə görə dünyada 4-cü yerə çıxmışdır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dünya iqtisadiyyatında Çinin iqtisadi inkişafının illik payı 2000-2004-cü illərdə 14,3 faiz, xarici ticarətdə isə 11 faiz təşkil etmişdir.
Çin Xalq Respublikasının nümunəsi göstərir ki, hər bir xalq öz dinc iqtisadi inkişaf yollarını axtarmalıdır. Çin müstəqil xarici siyasət aparır, bütün ölkələrlə suverenliyə və ərazi bütövlüyünün tanınmasına hörmətə əsaslanan qarşılıqlı surətdə faydalı əlaqələr saxlayır.
Səfir vurğuladı ki, məhz belə əsasda 14 il əvvəl Çinlə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmışdır. İki ölkənin indiki əlaqələrinin möhkəm təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri zamanı qoyulmuşdur. 2005-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyev də Çinə rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan dövlətinin başçısı ilə ÇXR-in sədri Hu Szintau arasında danışıqlar aparılmış, siyasi-iqtisadi, mədəni əlaqələrin, təhsilin və idmanın inkişafına dair 13 sənəd imzalanmışdır. Bu, ölkələrimiz arasında gələcək inkişaf üçün zəmin yaratmışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qəbul iştirakçılarını Çin Xalq Respublikasının yaranmasının 57-ci ildönümü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamını və ən xoş arzularını yetirdi.
Z.Əsgərov Azərbaycan-Çin əlaqələri tarixindən danışaraq vurğuladı ki, müstəqillik qazandıqdan sonra Azərbaycan üçün strateji maraq doğuran Çinlə münasibətlər yüksələn xətlə inkişaf edir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.