Ciddədə KƏŞ və Mərkəzi Asiya ölkələri liderlərinin sammiti keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Ciddədə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər və Mərkəzi Asiya ölkələri liderlərinin sammiti keçirilib.
AZƏRTAC “Saudi Press” agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi Muhammed bin Salman sammitdə iştirak edən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentlərini salamlayıb. O qeyd edib ki, son illər Körfəz ölkələri ilə Mərkəzi Asiya regionu arasında siyasi, təhlükəsizlik və iqtisadi əlaqələr möhkəmlənib.
Səudiyyə Ərəbistanının vəliəhdi Mərkəzi Asiya ölkələrinin Ər-Riyadın “Expo 2030” ümumdünya sərgisinə ev sahibliyi etmək təklifini dəstəklədiyini qeyd edib. O deyib: “Biz Mərkəzi Asiya ölkələrinin Krallığın Ər-Riyadda “Expo 2030”a ev sahibliyi üzrə namizədliyinə dəstək bəyanatını yüksək qiymətləndiririk. Bu, ölkələrimiz və regionumuz üçün daha yaxşı gələcək naminə əlaqələrimizin möhkəmliyini əks etdirir”.
Sammitdə 2023-2027-ci illəri əhatə edən dövrdə Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə Mərkəzi Asiya dövlətləri arasında strateji dialoq və əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı təsdiq edilib.
Tədbirin sonunda verilən birgə bəyanatda hər iki blokun liderləri kollektiv və ikitərəfli səviyyədə siyasi və strateji əlaqələrin gücləndirilməsinin, regional, beynəlxalq təhlükəsizlik və sabitliyə nail olmaq, çağırışlarla mübarizə aparmaq və təchizat zəncirindən ərzaq təhlükəsizliyinə qədər bütün sahələrdə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Digər məsələlərlə yanaşı, onlar irqçilik və islamofobiya ritorikasının artması, müsəlman azlıqlara və İslam simvollarına qarşı zorakılıq aktlarından narahat olduqlarını bildiriblər.
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Mohammed Al-Budeyvi bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Mərkəzi Asiya ilə məsləhətləşmələr və koordinasiya mexanizmlərinin qurulması üzərində işləyir. Onun sözlərinə görə, son illərdə KƏŞ və Mərkəzi Asiya ölkələri arasında ticarət, investisiya və turizm sahələrində geniş əməkdaşlıq imkanları var.