Coğrafiyaşünas alim: Güclü eroziyaya məruz qalmış yamaclar dincə qoyulmalıdır
Bakı, 29 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin elmi işçisi Rauf Hüseynov Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, "Ceyrançölün boz-qəhvəyi (şabalıdı) torpaqlarında yarğan eroziyasının inkişafı və ona qarşı mübarizə tədbirləri" mövzusunda məruzə ilə çıxış edən elmi işçi Ceyrançöl alçaqdağlığında boz qəhvəyi (şabalıdı) torpaqlarda yarğan eroziyasının inkişafı, törətdiyi təzadlar və ona qarşı mübarizə tədbirləri haqqında məlumat verib. Məruzədə Ceyrançöl ərazisində aparılan torpaq tədqiqatlarına istinad olunaraq torpaq parametrlərinin fərqli təbii və antropogen təsir mühitində kəmiyyət, keyfiyyət dəyişmələri təhlil olunur. Bildirilir ki, eroziya prosesi və insanın təsərrüfat fəaliyyəti 5-7°-dən çox meyilliyə malik yamaclarda akkumulyativ humus qatının itirilməsinə səbəb olub. Eroziyanın qarşısını almaq üçün az meyilli yarğan və qobuların yamaclarında terraslar və tirələr yaratmaqla fitomeliorativ tədbirlər həyata keçirilməli, daha çox quraqlığa davamlı Eldar şamı, badam, zeytun və s. kol bitkiləri əkilməlidir. Həmin ərazilərdə güclü eroziyaya məruz qalmış yamaclar dincə qoyulmalı və 3-5 il müddətində mal-qara otarılması qadağan edilməlidir.