“Coursera” rəsmisi: Azərbaycan transformasiya prosesində özünü qətiyyətli tərəfdaş kimi göstərir
Bakı, 2 dekabr, AZƏRTAC
Dünyada insan kapitalının inkişafı, gələcəyin peşələrinə hazırlıq sahəsində gedən sürətli dəyişikliklər ölkələrin təhsil və məşğulluq siyasətlərində yeni yanaşmalar tələb edir. “Coursera”nın dünyada 191 milyon iştirakçısı var və Azərbaycan siyahıda ən sürətlə artan ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Coursera” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə idarəedici direktoru Nikolaz Foucaud səsləndirib.
Nikolaz Foucaud, həmçinin Azərbaycanın platformada əldə etdiyi nəticələrə toxunub: “İl ərzində 48 faiz artım qeydə alınıb. Bu dinamika hökumətin, FOSİM-in və yerli ali təhsil müəssisələrinin onlayn tədrisə verdiyi prioritetin nəticəsidir. Bu, çox təşviqedici göstəricidir, amma hələ görüləsi işlərimiz çoxdur”.
Nikolaz Foucaud Dünya İqtisadi Forumunun “Gələcəyin Peşələri” hesabatına istinad edərək bildirib ki, bacarıq əsaslı öyrənmə modelləri qlobal əmək bazarının strukturunda aparıcı rola çevrilir və Azərbaycan bu transformasiya prosesində özünü qətiyyətli və irəliyə gedən tərəfdaş kimi göstərir. O bildirib ki, son aylarda müxtəlif ölkələrdə – Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Böyük Britaniya, Fransa, ABŞ, Almaniya və Qətərdə – hökumət rəsmiləri, universitet rəhbərləri və biznes dairələri ilə görüşlər keçirib, onların gələcəyin bacarıqlarına və əmək bazarına dair yanaşmalarını öyrənib. “Coursera” rəsmisi qeyd edib ki, bu ölkələr arasında yalnız biri – Azərbaycan onu o qədər ilhamlandırıb ki, öz ailəsini bu ölkəyə gətirərək burada müəyyən müddət yaşamaq qərarı verib.
“İstədim ki, uşaqlarım Azərbaycanın enerjisini, dinamizmini və inkişaf ruhunu öz gözləri ilə görsünlər. Bu tərəfdaşlıq mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan çox dəyərlidir. 4SİM komandasına və hökumətə təşəkkür edirəm”, - deyə Nikolaz Foucaud əlavə edib.
Nikolaz Foucaud, həmçinin “Coursera”nın 13 illik fəaliyyətində qlobal öyrənmə tendensiyalarında ciddi dəyişikliklərin müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, dünya artıq kurslara əsaslanan öyrənmə modelindən bacarıq-mərkəzli innovasiya modelinə keçir.