Daşkənddə “Əlişir Nəvai və Azərbaycan” adlı onlayn seminar keçirilib
Daşkənd, 8 noyabr, АZƏRTAC
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşəbbüsü ilə “Əlişir Nəvai və Azərbaycan” adlı onlayn seminar keçirilib. Seminarda universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
AZƏRTAC xəbər verir ki, seminarı filologiya elmləri doktoru Kəramət Mollaxocayev açıb, seminarın məqsədi haqqında danışıb. Universitetin nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, filologiya elmləri doktorları Azadə Tacibayeva və Dilnəvaz Yusupova Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumat veriblər.
Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya verilib.
Almaz Ülvi Binnətova “Əlişir Nəvai və Azərbaycan” mövzusunda məruzə edib.
O, məruzənin əvvəlində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verib, deyib ki, Azərbaycan torpaqlarının iyirmi faizi 30 ilə yaxın idi ki, Ermənistan tərəfindən işğal olunmuşdu. 30 il aparılan danışıqlar nəticəsiz qalmışdı. Alim bildirib ki, Ermənistan sentyabrın 27-də növbəti dəfə Azərbaycanın mövqelərinə hücum edib, silahlı qüvvələrimiz isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cavab tədbirləri görməyə məcbur olub, əks-hücuma keçib.
A.Ü.Binnətova deyib: “BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Bununla belə Ermənistanın bu qətnamələri yerinə yetirmək fikri yox idi. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində torpaqlarımızın böyük bir hissəsi Ermənistanın işğalından azad edilib. Bu gün mən də öz işimdə əsgərəm. İkinci Qarabağ müharibəsi 42 gündür ki, davam edir. Əminəm ki, torpaqlarımızın tam azad olunacağı gün uzaqda deyil”.
Sonra A.Ü.Binnətova “Əlişir Nəvai və Azərbaycan” mövzusunda məruzə edib, Əlişir Nəvainin Azərbaycanda çap olunan əsərləri, Nəvainin tədqiqatçıları haqqında söhbət açıb, öz işindən danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov bu qurumun gördüyü işlər haqqında məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd