DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYAİCLASI KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasda çıxış edərək demişdir ki, bugünkü tədbirin keçirilməsindən əsas məqsəd şəxsi heyətin bütün qüvvəsini axtarışda olanların tapılıb tutulmasına səfərbər etmək, ilin sonunadək göstərilən sahədə daha yüksək göstəricilərin qazanılmasına nail olmaqdır.
Nazir cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərdə qazanılmış uğurların, müsbət tendensiyaların cari ilin doqquz ayında da qorunub saxlanıldığını və bu istiqamətdə fəaliyyətin uğurla davam etdirildiyini, ərazi polis orqanlarında peşəkarlıqla, operativ surətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri nəticəsində bir sıra nailiyyətlərin qazanıldığını, bunun arxayınçılığa əsas vermədiyini xüsusi vurğulamışdır.
Qeyd olunmuşdur ki, hesabat dövründə respublikanın ərazi polis orqanlarında 13 mindən artıq cinayət faktı qeydə alınmış, onların 93,5 faizinin üstü açılmış, axtarışda olanların tutulmasının göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər də yüksələrək 69 faiz təşkil etmişdir. Uçot işinin dəqiq aparılmasının cinayətkarlıqla mübarizədə əsas şərtlərdən biri olduğunu xatırladan nazir, ərazi polis orqanlarının rəislərindən uçot-intizam qaydalarına ciddi riayət olunmasını, bu sahənin daim nəzarətdə saxlanılmasını tələb etmişdir.
Təqsirləndirilən və itkin düşən şəxslərin axtarışı, tapılması, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi işinin DİN rəhbərliyini daim narahat etdiyini deyən general-polkovnik Ramil Usubov, 10-12 il öncə cinayət törədərək istintaqdan yayınan şəxslərin son günlər bəzi polis orqanları tərəfindən yaxalanaraq ədalət mühakiməsinə verilməsini təqdirəlayiq hal kimi dəyərləndirmiş, belə uğurlu fəaliyyətin cari ilin sonunadək davam etdirilməsini vacib saymışdır.
Cinayət Axtarışı Baş İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski təqsirləndirilən və xəbərsiz itkin düşən şəxslərin axtarışı, tapılması, meyitlərin şəxsiyyətinin müəyyən edilməsi sahəsində görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, axtarışda olan 3396, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 152 təqsirləndirilən şəxs həyata keçirilmiş tədbirlər nəticəsində tutulmuşdur. Bununla yanaşı, bəzi ərazi qurumlarında qüvvə və vasitələr, əsasən, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə axtarılan şəxslərin tutulmasına sərf olunduğundan hesabat dövründə respublika üzrə 1526 təqsirləndirilən şəxsin tutulması təmin edilməmişdir.
Müzakirələrdə Səbail Rayon Polis İdarəsinin rəisi X.Zeynalov, Suraxanı Rayon Polis İdarəsinin rəisi E.Qazıbəyov, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi E.Qubadov, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ə.Bədəlov, Saatlı Rayon Polis Şöbəsinin rəisi A.Xəlilov, Yardımlı Rayon Polis Şöbəsinin rəisi A.Həsənov, Tərtər Rayon Polis Şöbəsinin rəisi İ.Bəbişov və başqaları çıxış edərək görülmüş işlərdən, buraxılmış nöqsanlardan danışmış, geriliyi ilin sonunadək aradan qaldıracaqlarına söz vermişlər.
İclasa yekun vuran nazir, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılmış məsələnin aktuallığını, əhəmiyyətini bir daha qeyd edərək, axtarış sahəsində müəyyən irəliləyişə nail olunduğunu, hər bir xəbərsiz itkindüşmə hadisəsinin ciddi araşdırılmasını, belə hallara potensial qəsdən adamöldürmə faktı kimi yanaşılmasını, naməlum meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsini, istintaqdan yayınan, xüsusən dövlət hakimiyyəti əleyhinə cinayətlər törədərək ölkənin hüdudlarından kənarda gizlənmiş şəxslərin tutulması və məhkəmə orqanlarına təhvil verilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsini tələb etmişdir.
Daxili işlər orqanlarının maddi-texniki bazasının ilbəil möhkəmləndiyini, şəxsi heyətin rifah halının daha da yaxşılaşdığını diqqətə çatdıran DİN rəhbəri demişdir ki, bu imkanları bizə ölkəmizin Prezidenti, onun apardığı siyasət yaratmışdır və həmin imkanlardan daxili işlər orqanları vicdanla, səmərəli istifadə etməlidirlər. Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafı üçün sabitliyin, əmin-amanlığın əsas şərtlərdən biri olmasına dair dövlətimizin başçısının məlum fikirlərinin gündəlik fəaliyyət proqramımıza çevrildiyini qeyd edən Ramil Usubov, əmin olduğunu bildirmişdir ki, respublikanın daxili işlər orqanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısına bundan sonra da öz layiqli xidməti ilə cavab verəcək, şəxsi heyət gələcəkdə də xalqa və dövlətə sədaqətlə xidmət edəcək, öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını əsirgəməyəcək, bu ili də yüksək göstəricilərlə başa vuracaqdır.