Dayanıqlı şəhərlərin su təhlükəsizliyi – AzMİU-da elmi konfrans
Bakı, 12 mart, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı çərçivəsində “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda elmi konfrans keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda su təsərrüfatı, içməli su təchizatı, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirin açılış mərasimində AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı dosent Elgiz Həsənov, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Rəşail İsmayılov çıxış edərək su təhlükəsizliyi məsələlərinin müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar. Çıxışlarda bu sahədə elmi tədqiqatların genişləndirilməsinin, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinin və su ehtiyatlarının səmərəli idarə olunmasının əhəmiyyəti qeyd edilib.
Konfrans çərçivəsində iki panel sessiya təşkil olunub.
“Su təhlükəsizliyi və iqlim dəyişmələri” mövzusuna həsr olunan I panel sessiyasına Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay Abbasova moderatorluq edib. Panel sessiyasında AzMİU-nun Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının professoru Bəhram Əliyev, Xəzər dənizinin problemləri sektorunun müdiri Hamlet Fətdayev, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov və Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva mövzu ilə bağlı elmi məruzələrlə çıxış ediblər.
Konfransın II panel sessiyası isə “İçməli su təchizatı və suvarma sistemlərinin dayanıqlı idarə edilməsi” mövzusuna həsr olunub. Panelin moderatoru AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının baş müəllimi Cəmil Quliyev olub. Sessiyada AzMİU-nun Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının professoru Yaşar Qəhrəmanlı, Su təchizatı sistemlərinin tədqiqi şöbəsinin baş elmi işçisi Zivər Tarixazər, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Samirə Əkbərova və Drenaj sistemlərinin tədqiqi sektorunun müdiri Sübhanə Şahmalıyeva mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.