REGİONLAR
Deputat: Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı yekdil siyasət mövcuddur
Sumqayıt, 30 iyul, AZƏRTAC
Azərbaycanla Çini birləşdirən qədim tarixi əlaqələr dövlətimiz müstəqilliyini bərpa edəndən sonra yeni mərhələyə qədəm qoyub, yeni inkişaf üfüqlərinə doğru uğurla addımlayır.1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyi yenidən quraraq ölkəni inkişaf yoluna çıxardı. Ulu Öndərin Çinə səfərləri və Çin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, həmin illərdə Azərbaycan dünyada o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
"Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yekdil siyasət mövcuddur. COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu", - deyə deputat vurğulayıb.
Bildirilib ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Azərbaycana coğrafi üstünlük verir. "Bir kəmər, bir yol” təşəbbüsünə qoşularkən artıq hazır infrastruktura sahib olan Azərbaycanın dəniz ticarət limanının imkanlarını 25 milyon tona qədər çatdırmağa nail olur.
"Qədim İpək yolu üzərində yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, həmin ərazilərdə müxtəlif millətlər yaşayır və bu ölkələrə öz milli mədəniyyətləri ilə gözəllik qatırlar. Azərbaycan bu böyük dünya mədəniyyətinin bir parçası olması ilə qürur duyur",- deyə M. Məmmədli diqqətə çatdırıb.