Deputat: Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr uğurla inkişaf edir. Prezident “China Media Group” media korporasiyasına müsahibəsində dediyi kimi, bu gün iki dövlət arasında əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, müsahibəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını xatırladan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirdi. Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit imkanlarını dünyaya təqdim etdiyini və bunun üçün kifayət qədər əsaslı infrastrukturu olduğunu diqqətə çatdırdı.
“Çin və Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkədir. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Cənubi Qafqaz regionunda önəmli ölkə olan Azərbaycan Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan ölkəmiz nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Təsadüfi deyil ki, səkkiz il bundan əvvəl ölkələrimiz arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da imzalanıb”, - deyə S.Fətəliyeva qeyd edib.
Deputatın sözlərinə görə, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.
“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturunun olduğuna diqqət çəkən dövlətimizin başçısı artıq dəniz ticarət limanımızın fəaliyyət göstərdiyini və onun imkanlarının hazırda 25 milyon tona qədər çatdırıldığını bildirdi. Prezident İlham Əliyev gəmiqayırma zavodunun imkanlarının genişləndiriləcəyini, mövcud dəmir yollarının müasirləşdirildiyini də diqqətə çatdırdı.
Zəngəzur dəhlizinin açılması ilə bu layihənin əhəmiyyətinin daha da artacağını diqqətə çatdıran S.Fətəliyeva əlavə edib: “Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ölkəmizdə tolerantlıq mühiti və digər məsələlərlə bağlı fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.