Deputat: Azərbaycanın təşəbbüskarı olduğu bağlantı layihələri bütün region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir
Bakı, 22 iyul, AZƏRTAC
Bu il 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən Şuşa Qlobal Media Forumunda aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək. Dövlətimizin başçısı Forumun iştirakçıları ilə görüşündə qeyd etdi ki, bu gün ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var və bu məqsədə xidmət edən Şuşa Qlobal Media Forumu iştirakçılarının sayı getdikcə artır, coğrafi əhatə dairəsi daha da genişlənir. Forumun gedişində beynəlxalq ictimaiyyətin ölkəmizdə gedən proseslərə marağının getdikcə artması özünü aşkar şəkildə göstərir. Prezident İlham Əliyev bununla bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan öz inkişafının prioritet istiqaməti kimi faydalı qazıntılar sahəsini müəyyən etmir. Burada IT, aparıcı texnologiyalar sektoruna üstünlük verilir. Ölkəmiz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edir. Regional inkişafa və regional əməkdaşlığa gəldikdə isə, bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.
Deputat, həmçinin vurğulayıb ki, Azərbaycanın çoxşaxəli beynəlxalq əlaqələri də Forum iştirakçılarının diqqət mərkəzində saxladığı məsələlərdən biri oldu. “Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin ən yüksək səviyyədə dinamik inkişaf etdiyini xüsusi vurğuladı. Bu da ölkəmizin çoxvektorlu xarici siyasətinin daha bir nümayişidir. Qeyd olundu ki, son iki ildə Azərbaycan və Çin rəhbərləri tərəfindən iki mühüm sənəd imzalanıb. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın uğurudur. Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Son dövrlərdə Azərbaycan, həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlayıb. Artıq müvafiq sazişlər imzalanıb və bu sahə də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verəcək”, - deyə Səttar Möhbalıyev qeyd edib.