Deputat: Enerji sahəsində Macarıstanla əməkdaşlıq Azərbaycanın maraqlarını əks etdirir
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycanın Şərqi Avropa dövlətləri ilə enerji, nəqliyyat və iqtisadiyyatın digər sahələrindəki əməkdaşlıq əlaqələrinin inikası Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, Macarıstan Avropanın dinamik inkişaf edən dövlətidir və Azərbaycanla əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. İki ölkə arasındakı enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın maraqlarını əks etdirir. Ötən həftə Azərbaycan Prezidentinin Macarıstana səfəri və səfər çərçivəsində iki dövlət arasında imzalanan sənədlər ölkəmizin iqtisadi inkişafının davamlı xarakter almasına imkan yaradır. İmzalanan sənədə əsasən Azərbaycan hər il Macarıstana bir milyard kubmetr qaz ixrac edəcək. Azərbaycan təbii qaz ilə zəngin ölkədir və bu qaz üçün bazar müəyyənləşdirərək onu ixrac edib büdcəyə valyuta axınını təmin etmək dövlətimizin düşünülmüş strateji siyasətidir.
Azərbaycanın Şərqi Avropa ölkələrinə qaz ixracının sadəcə olaraq iqtisadi dividendlər qazanmaqla məhdudlaşmadığını diqqətə çatdıran Sadiq Qurbanov əlavə edib: “Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etdi və Qarabağın azadlığına nail oldu. Macarıstanın Azərbaycana beynəlxalq təşkilatlar çərçivəsində dəstək verməsi də böyük əhəmiyyətə malikdir. Macarıstanın xarici işlər və beynəlxalq iqtisadi əlaqələr naziri Peter Siyartonun Qarabağın bərpasında iştirak edəcəklərini bildirməsi də təsadüfi deyil. Bu fakt dövlətlərimiz arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafını və Azərbaycanın Avropada müttəfiqlərinin artdığını göstərir. Macarıstan şirkətlərinin erməni işğalından azad edilən Qarabağın bərpasında iştirakı onu deməyə əsas verir ki, bu dövlət nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyır onu dəstəkləyir və istənilən vəziyyətdə yardım etməyə hazırdır”.