Deputat: Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanı acınacaqlı məğlubiyyətə uğratdı. Bu məğlubiyyətdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il 10 noyabr tarixində kapitulyasiya aktını imzaladı. Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatın 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Eyni zamanda, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə də zəmanət verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni kommunikasiyaların yaradılması nəzərdə tutulub. Üçtərəfli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşması məqsədilə Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 2021-ci il 11 yanvar tarixli Bəyanatı qəbul edilib. 2021-ci il 10 noyabr tarixli Bəyanatın regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin rellaşdırılması məqsədilə Rusiya Federasiyasının hökumət başçısının, Azərbaycan və Ermənistan respublikalarının Baş nazirlərinin müavinlərinin birgə həmsədrlikləri ilə üçtərəfli işçi qrupu da yaradılıb. Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işçi qrupunun bir neçə dəfə görüşləri də baş tutsa da, hələlik nəzərəçarpan nəticə hasil olmayıb. Buna səbəb əlbəttə ki, Ermənistan rəhbərliyinin qərarsızlığı və vaxtın uzadılmasına yönəlmiş addımlarıdır. Bunun əksinə olaraq isə Azərbaycan gündəmdə olan məsələlərin yerinə yetirilməsini Ermənistandan tələb edir.
Rauf Əliyev vurğulayıb ki, Azərbaycan tərəfindən ağır məğlubiyyətə uğradılmış Ermənistan hələ bunu həzm edə bilmir. Ona görə də Azərbaycana qarşı revanşist fikirlərdən əl çəkmir, həmçinin üçtərəfli Bəyanatın bəndlərini görməzdən gəlir və ya inkar edir. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan onlayn müsahibəsində Zəngəzur dəhlizin açılması haqqında sərsəm ifadələrlə çıxış edib. Bildirib ki, üçtərəfli Bəyanatda Zəngəzur dəhlizi məsələsindən bəhs edilmir və bu Ermənistanın istəyi ilə ola bilər. Əlbəttə ki, Paşinyanın bu cür çıxışları Ermənistanın daxili auditoriyasına hesablanmış bir addımdır. Necə ki, müharibə vaxtı da bu cür yalan çıxışlarla erməni xalqını aldadırdı. Paşinyanın Zəngəzur dəhlizi barədəki fikirləri erməni cəmiyyətində hələ də illüziyalara qapılmış, məğlubiyyətlə barışa bilməyən hissəsinə yönəldiyini anlamaq olar. Çünki Paşinyan özü də çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılması üçtərəfli Bəyanatda nəzərdə tutulub və Türkiyə, Rusiya kimi dövlətlərin də marağına cavab verir. Bu da o deməkdir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə əlaqədar söylədiyi “Yaxşı olar ki, Ermənistan xoşluqla bu məsələnin həlli ilə razılaşsın. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır və Zəngəzur dəhlizinin inşasına əngəl törətmək istəyir. Əmin ola bilərlər ki, buna nail ola bilməyəcəklər. Xoşluqla razı olmasalar, onları məcbur edəcəyik” fikrini diqqətə çatdıran Rauf Əliyev vurğulayıb: “Prezident İlham Əliyevin də dediyi kimi, bu məsələ baş tutmalıdır. Sadəcə, Azərbaycan hər zaman olduğu kimi, Zəngəzur dəhlizi məsələsini də sülh yolu ilə həll etmək istəyir. Buna görə də Ermənistana xeyli vaxt verib. Əgər təcavüzkar ölkə bunu xoşluqla qəbul etməsə, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Noyabrın 26-da Soçidə keçiriləcək görüş ərəfəsində Rusiya hökuməti başçısının müavini Aleksey Overçukun Bakıya və Yerevana səfər edərək nəqliyyat və kommunikasiya vasitələrinin açılmasına dair danışıqlar aparması yaxın günlərdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin reallaşacağından xəbər verir. Çox güman ki, Azərbaycan və Rusiyanın dövlət başçıları Soçi görüşündə Paşinyanı, ilk növbədə, 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndini yerinə yetirməyə, yəni, Zəngəzur dəhlizinin açılmasının vacibliyinə inandırmağa çalışacaqlar”.