DEPUTATLARIN QARŞILIQLI SƏFƏRLƏRİ ÖLKƏLƏR ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFINI DAHA DA SÜRƏTLƏNDİRİR
Bakı, 19 aprel (AZƏRTAC). Küveyt ilə Azərbaycan arasındakı dostluq münasibətləri daim inkişaf edir. Hər iki ölkənin deputatlarının qarşılıqlı səfərləri və apardıqları təcrübə mübadiləsi ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Bu fikirlər Küveyt Milli Məclisinin nümayəndələrinin aprelin 19-da Azərbaycan Milli Məclisinin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşündə səslənmişdir.
İşçi qrupun rəhbəri Əkrəm Abdullayev ölkələrimiz arasında təkcə ikitərəfli deyil, həm də beynəlxalq qurumlarda da yaxşı münasibətlərin olduğunu bildirmiş və demişdir ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yaxşı potensial vardır.
İşçi qrupunun üzvləri Elmira Axundova, Rövşən Rzayev və başqaları Küveytin ölkəmizdə fəaliyyət göstərən humanitar təşkilatlarının işini, azərbaycanlı məcburi köçkünlərə yardımlarını yüksək qiymətləndirmişlər.
Sonra Küveyt nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mubarək, nümayəndə heyətinin üzvləri xanım Səlva Abdullah əl-Cəssar, xanım Əsil Əbdülrəhman əl-Avadi və xanım Rola Abdullah Dəşti onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişlər.
Məsumə Saleh əl-Mubarək demişdir ki, səfərin məqsədi Küveyt və Azərbaycan parlamentləri arasında əlaqələri inkişaf etdirmək, qanunvericilik sahəsində təcrübə mübadiləsi, digər sahələrdə münasibətlərin genişləndirilməsinə dair məsləhətləşmələr aparmaqdır.
Görüşdə insan hüquqları, xüsusən də gender bərabərliyi, qadınların, uşaqların, ailələrin və gənclərin hüquqlarının müdafiəsi, bu sahələr üzrə qanunvericilik aktlarının hazırlanması, turizm sahəsində əməkdaşlıq və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
######
