Dərələyəz mahalından olan yüksək nəticə göstərən gənclərlə görüş keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında 2025–2026-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Dərələyəz mahalından olan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli gəncləri təbrik edib. O, əldə olunan yüksək nəticələrin məqsədyönlü hazırlığın, zəhmətin və ailə dəstəyinin nəticəsi olduğunu bildirib, gəncləri bilik və bacarıqlarını daim inkişaf etdirməyə, seçdikləri ixtisaslar üzrə peşəkarlaşmağa və ictimai həyatda fəal iştirak etməyə çağırıb.
İcma sədri Qərbi Azərbaycanın tarixi və milli-mədəni irsi ilə bağlı biliklərin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, gələcəkdə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və tarixi yaddaşın qorunmasında savadlı və fəal gənclərin üzərinə mühüm vəzifələr düşür.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında gənclərin qarşısında duran vəzifələrdən danışıb. O vurğulayıb ki, müasir dövrdə uğur qazanmaq üçün yalnız bir ixtisas üzrə biliklərə yiyələnmək kifayət etmir. Gənclər xarici dilləri öyrənməli, rəqəmsal və informasiya texnologiyalarından səmərəli istifadə etməli, beynəlxalq əlaqələr qurmağı bacarmalıdırlar.
Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Səbinə Xasayeva və Paşalı rayon İcmasının sədri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış ediblər. Çıxışlarda gənclərin müasir texnologiyalar sahəsində özlərini inkişaf etdirmələrinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Dərələyəz mahalında gənclərlə işin təşkili üzrə məsul şəxs Anar İrzaquliyev təqdimatla çıxış edib. Qəbul imtahanlarında 697 bal toplayan Fikrət Əsədzadə və 690 bal toplayan Fidan Hüseynzadə hazırlıq prosesi və gələcək planları barədə danışıblar.
Tədbirdə “Unudulmayan Dərələyəz” adlı videotəqdimat nümayiş etdirilib, yüksək nəticə göstərən gənclərin təhsil göstəriciləri barədə məlumat verilib.
Sonda ali məktəblərə qəbul olunan gənclərə diplom və hədiyyələr təqdim edilib.