“Dilmanc Translator” proqramından 260 minə yaxın istifadəçi yararlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Mobil qurğular üçün “Dilmanc Translator” proqramı ilin əvvəlindən dünyanın 129 ölkəsində 260 minə yaxın istifadəçi tərəfindən istifadə olunub. Tamamilə pulsuz yayılan “Dilmanc Translator” proqramı “Google Play Store” və “Apple App Store”dan birlikdə 300 min dəfəyə yaxın köçürülüb. Proqramın geniş istifadə edildiyi ilk 10 ölkə sırasına Azərbaycan, Rusiya və s. keçmiş SSRİ ölkələrilə yanaşı, Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələr də daxildir.
“Dilmanc” layihə qrupundan AZƏRTAC-a bildirilib ki, proqram həm şifahi danışığı, həm də mətni tərcümə etməyə və nəticəni səsləndirməyə imkan verir. Tək söz daxil ediləndə həmin sözün lüğətdə mənaları, nitq hissəsi, sinonimləri və s. informasiya göstərilir. Proqramın digər maraqlı imkanı isə əcnəbi ilə söhbət rejimidir. Bu rejimdə uyğun düymələr basılmaqla xarici dildə danışıq Azərbaycan dilinə, Azərbaycan dilində danışıq isə xarici dilə avtomatik tərcümə olunaraq səsləndirilir.
Qeyd edək ki, “Android” və “iOS” əməliyyat sistemlərində işləyən bu proqram Azərbaycan, ingilis, türk və rus dilləri arasında tərcümə aparmağa imkan verir. Proqram “Google Play” və “App Store”dan mobil qurğuya tamamilə pulsuz yüklənərək istifadə oluna bilər.