DİM-in şöbə müdiri: 2024-cü ildə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Bu il martın 2-də və 9-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər tərəfindən 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparılıb. Hər bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə aldıqda, ümumilikdə 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov aprelin 8-də DİM-in elektron imtahanlar korpusunda təşkil olunan mediaturda çıxışı zamanı məlumat verib.
A.Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası ilə bağlı təqdimatla çıxış edərək açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi və nəticələrin elanı barədə ətraflı məlumat verib. O qeyd edib ki, yazı işlərinin hər tapşırıq üzrə ayrıca qiymətləndirilməsi markerlərə həmin tapşırıq üzrə ixtisaslaşma imkanı yaradır və bu da yoxlamanın keyfiyyətini və sürətini artırır.
Şöbə müdiri vurğulayıb ki, bir şagirdin yazı işi üzrə cavabları müxtəlif markerlər tərəfindən qiymətləndirildiyi üçün cavabların müəllifini tanımaq mümkün olmur. Beləliklə, hər bir şagirdin ümumi yazı işi orta hesabla 20-dən çox müxtəlif marker tərəfindən qiymətləndirilir. Bu isə qiymətləndirmədə obyektivlik və şəffaflıq prinsipini daha da gücləndirir.
Markerlərin iştirak etdiyi qiymətləndirmə prosesinin müəllimlərin peşəkar inkişafı baxımından da əhəmiyyətli olduğunu qeyd edən şöbə müdiri, onların qazandıqları təcrübəni məktəbdə tətbiq edərək daha effektiv tədris və qiymətləndirmə metodları formalaşdıra bildiklərini söyləyib. Həmçinin markerlər bu fəaliyyətlərinə görə kifayət qədər əmək haqqı ilə təmin olunurlar.
Aydın Qasımov əlavə edib ki, 2024-cü ildə keçirilmiş bütün imtahanlar üzrə markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə aparıblar və bütün bu yazı işlərinin qiymətləndirilməsi prosesi üçün 1 milyon manatdan çox (1056430,34 manat) əməkhaqqı ödənişi həyata keçirilib.