Dmanisidə Azərbaycanlı şairin ev-muzeyi açılıb
Tbilisi, 25 avqust, AZƏRTAC
Gürcüstanın Dmanisi rayonunun Qızılkilsə kəndində tanınmış şair, Aşıq Pəri Məclisinin yaradıcılarından biri, 19 kitab müəllifi Səadət Ömər qızı Abdullayevanın (Səadət Buta) ev-muzeyinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə paytaxt Tbilisidən, Marneuli, Qardabani, Bolnisi və digər rayonlardan, eləcə də Azərbaycan, Türkiyə və Qazaxıstandan gəlmiş qonaqlar, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər.
Dmanisi rayonunun meri Koba Muradaşvili açılış rəmzi olan qırmızı lenti kəsib və Səadət Butanı təbrik edib. Bildirib ki, bu muzey təkcə Səadət Butanın kitablarının, əşyalarının, layiq görüldüyü mükafatların, qiymətli hədiyyələrin saxlanılacağı yer olmayacaq, həm də ədəbiyyat, incəsənət və mədəniyyət ocağı olacaq.
Sonra tədbir iştirakçıları muzeyə baxış keçirib, fotoşəkillər, şairin bu günədək aldığı mükafatlar, müəllifi olduğu kitablar və digər eksponatlarla tanış olublar. Çıxış edənlər Səadət Butanın həyat və yaradıcılığından, onun Azərbaycan və Gürcüstan dövlətləri arasındakı mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, muzey həm də gənc nəsil üçün yeni tədris ocağı olacaq.
Səadət Buta muzeyin açılışına göstərilən dəstəyə, diqqət və qayğıya görə əməyi keçən hər kəsə təşəkkür edib. Bildirib ki, Gürcüstanın Kvemo Kartli bölgəsinin ucqar Dmanisi rayonunda belə bir mədəniyyət ocağının açılışı Azərbaycan-Gürcüstan dostluğunun bariz nümunəsidir. Onun sözlərinə görə, muzey gənc nəslin poeziyaya, saz-söz sənətinə marağının artmasına səbəb olacaq. Vurğulanıb ki, 200-dən çox kitabın, əşyanın saxlandığı muzey gürcü və azərbaycanlıların əsl ziyarət məbədi olacaq və bölgəyə səfər edəcək turistlər üçün hər zaman açıq olacaq.
Qeyd edək ki, şair Səadət Buta 1951-ci ildə Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndində anadan olub. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Prezidenti tərəfindən “Şərəf” medalı ilə təltif edilib. O, eyni zamanda "Sazın, sözün butası" təşkilatının təsisçisidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi