DONETSKDƏ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN REGİONAL MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 8 oktyabr (AZƏRTAC). Donetsk şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) regional müşavirəsi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, müşavirədə Ukraynadakı Azərbaycan diasporunun qarşısında duran vəzifələr və həyata keçiriləcək tədbirlər planı müzakirə edilmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev müşavirədə çıxış edərək demişdir ki, dünya azərbaycanlılarının bir məfkurə altında birləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin xaricdə yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini bildirən səfir, Azərbaycan diasporunun daha da inkişafı üçün qarşıda duran vəzifələrdən də danışmışdır.
UAK-ın sədri Akif Gülməmmədov isə konqresin yaradılmasının 10 illiyi ilə əlaqədar Ukraynada diasporumuzun inkişaf tarixini özündə əks etdirən “dəyirmi masa”ların keçiriləcəyini bildirmişdir.
Müşavirədə Dnepropetrovsk və Donetsk Azərbaycanlıları konqresləri iki ölkə arasındakı dostluq əlaqələrinin uğurla davam etdirilməsində prezidentlər İlham Əliyev və Viktor Yuşşenkonun səmərəli fəaliyyətindən danışmışlar. Son dövrlərdə iki ölkə arasında mal dövriyyəsi həcminin bir milyard dollara çatması qarşılıqlı münasibətlərin əyani göstəricisi kimi səciyyələndirilmişdir.
Müşavirədə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup soydaşımıza Ukrayna Azərbaycanlıları Konqresinin fəxri diplomları təqdim olunmuşdur.