Dövlət qisası: Korsikalı İvan Kolonnanın işi ilə bağlı istintaq yenidən başlayıb
Paris, 3 avqust, AZƏRTAC,
Məhbuslar haqqında proqram təminatının işlənməsi zamanı “məlumatların qərəzlə silinməsi” səbəbindən korsikalı İvan Kolonnanın ölümü ilə bağlı istintaq yenidən başlayıb.
AZƏRTAC xəbər verir ki, Kolonnanın ölümünə dair istintaqın yenilənməsi “əsas disfunksiya” və “məlumatların kompüterdən qəsdən silinməsinin mümkünlüyü” ilə bağlı iki korsikalı deputatın hesabatından sonra gündəmə gəlib. İstintaq işi Marsel məhkəmə polisinə həvalə edilib.
Prefekt Erinyakın qətlində təqsirli bilinən İ.Kolonnanın 2022-ci ildə həbsxanada öldürülməsini araşdıran parlament komissiyasının sədri və məruzəçisi deputatlar Jan-Féliks Akvaviva və Loran Markangeli prokurora müraciət edərək, “onların fikrincə cinayət ola biləcək faktların mövcudluğu” ilə bağlı məlumat verilməsini istəyiblər.
Deputatların rəhbərlik etdiyi təhqiqat komissiyasının araşdırması zamanı məlum olub ki, ölümün baş verdiyi Arles təcridxanasının nəzarətçisi məhbuslarla bağlı məlumatların yer aldığı “Genesis” proqramına mühüm faktlar, xüsusilə də İvan Kolonna ilə onu öldürən Frank Elonq Abe arasında münasibətlərin dəyişməsinə dair dəfələrlə məlumat daxil edib. Ancaq bu iki məhbus arasında münasibətlərə dair müşahidələrin nə “Genesis” monitorinq proqramında, nə də həbsxana rəhbərliyinin verdiyi əlavə məlumatlarda əks olunmaması şübhələr doğurub.
Deputatlar prokurora müraciət edərək, onu İvan Kolonnanın ölümünə səbəb olmuş “təhlükədə olan şəxsə yardım göstərilməməsi faktı” barədə məlumatlandırıblar. İstintaqın yenidən başlamasına məhz bu məlumat səbəb olub.
Xatırladaq ki, prefekti qətlə yetirməkdə şübhəli bilinərək həbs edilmiş korsikalının təcridxanada öldürülməsi “dövlətin qisası” kimi də şərh edilirdi. Fransanın sabiq Baş naziri “dövlət qisası” fikrinin əsasız olduğunu bildirsə də, bu, korsikalıları hələ də sakit buraxmır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris