Dövlət qulluğu üzrə müsahibə və ümumi müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Avqustun 5-də elan edilmiş müsabiqənin müsahibə və ümumi müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elan üzrə 47 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 431 (B növü üzrə 267 vakant vəzifə üzrə 379 yer, A növü üzrə 31 vakant vəzifə üzrə 31 yer və ümumi müsahibədə 21 vakant vəzifə üzrə 21 yer ) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1360 namizədlə 5177 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), İnkişaf layihələri sektoru, məsləhətçi (1 vakant yer üzrə 234 namizəd), İnkişaf layihələri sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 226 namizəd), İctimaiyyətlə əlaqələr sektoru, məsləhətçi (1 vakant yer üzrə 222 namizəd), Dövlət Statistika Komitəsi, Bakı Şəhəri Statistika İdarəsi, Sosial statistika sektoru, məsləhətçi (1 vakant yer üzrə 218 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin 2020-ci il oktyabrın 1-dən 2021-ci il yanvarın 29-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.