Dövlət qulluqçularına bərk məişət tullantılarının idarə edilməsi sistemi barədə məlumat verilib
Bakı, 3 mart, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə keçirilən dövlət qulluqçularının ixtisasartırma kursunda mühazirə ilə çıxış edib.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 29-dan martın 4-dək keçirilən qısamüddətli kurs Prezident İlham Əliyevin 2014-cü il 11 dekabr tarixli Fərmanına əsasən təşkil olunub.
ASC-nin sektor müdiri Faiq Məmmədov “Məişət tullantılarının davamlı inkişaf naminə optimal idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. O, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi sistemi, onun iş prinsipi barədə geniş məlumat verib. “Təmiz Şəhər” ASC-nin idarə etdiyi zavodların, eyni zamanda, yaşıl iqtisadiyyata dəstək verən, Qafqazda ilk və yeganə eko-sənaye parkı olan Balaxanı Sənaye Parkının fəaliyyəti barədə danışıb.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılıb.