Dubayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçirilmişdir
Bak, 10 sentyabr (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən çıxmaq barədə Ermənistan tərəfinin bəyanatlara cavab olaraq Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Samir İmanovun təşkilatçılığı ilə Dubayda konfrans keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Qarabağ probleminin dünyada sülhə və təhlükəsizliyə həqiqi təhdidləri” adlı konfransda BƏƏ-də yaşayan soydaşlarımız ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri, o cümlədən ekspertlər və alimlər, eləcə də türk diasporunun təmsilçiləri iştirak etmişlər.
S.İmanov konfransı giriş sözü ilə açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Dağlıq Qarabağın və onun ətrafındakı Azərbaycanın yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması barədə ətraflı məlumat vermişdir. Azərbaycan ərazilərinin işğalının bütün region üçün təhlükə mənbəyi olduğunu vurğulayan cəmiyyətin sədri bu münaqişənin, eyni zamanda bütün bölgənin, birinci növbədə elə Ermənistanın özünün iqtisadi inkişafına ciddi əngəl törətdiyini demişdir. O, yürütdüyü işğalçı siyasətinə görə Ermənistanın regionda reallaşdırılan nəhəng layihələrdən təcrid olunduğunu bildirmişdir.
Konfransda iştirak edən BƏƏ-nin nüfuzlu “Al-Bayan” qəzetinin jurnalisti bu mətbu orqanının 8 sentyabr tarixli nömrəsində “Dağlıq Qarabağ - partlayış üçün çubuqlar” sərlövhəli məqalə yazmışdır. Məqalədə son həftə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında tərəflər arasında gərginliyin artdığı, ABŞ və Rusiyanın bununla bağlı narahatlıqlarını ifadə etdikləri qeyd olunmuşdur.