SİYASƏT
DUBAYDA YAŞAYAN AZƏRBAYCANLILAR 28 MAY - RESPUBLİKA GÜNÜNÜ QEYD ETMİŞLƏR
Bakı, 29 may (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə 28 May - Respublika günü qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə soydaşlarımız və digər xalqların diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Cəmiyyətin sədri Samir İmanov müsəlman Şərqində ilk hüquqi, demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, nailiyyətləri, süqutunun səbəbləri, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsi haqqında məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanmasındakı misilsiz xidmətlərindən ətraflı söz açmışdır.
S.İmanov Azərbaycanın bugünkü iqtisadi inkişafından, beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından və digər sahələrdəki uğurlardan da bəhs etmişdir.
Bayram tədbirində türk diasporunun nümayəndələri də çıxış etmişlər.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Biz 50 milyonluq xalqıq” filmi nümayiş etdirilmişdir.
Tədbirin keçirildiyi salonda Azərbaycanın coğrafi ərazisinin müxtəlif dövrlərdə neçə dəfə və hansı formalarda dəyişdirildiyini əks etdirən fotolövhə nümayiş etdirilmiş, iştirakçılara Azərbaycanla bağlı kitab, jurnal və məlumat vərəqələri paylanmışdır.
######