Dünyada məşhur skripka ifaçısı Lindsey Stirlinq İstanbulda konsert verib
Bakı, 20 iyul, AZƏRTAC
Dünyaşöhrətli məşhur amerikalı skripka ifaçısı və rəqqasə Lindsi Stirlinq İstanbulda konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Game of Thrones” serialı üçün bəstələdiyi musiqilər sayəsində Türkiyədə pərəstişkar sayını genişləndirən ifaçı, klassik musiqi nümunələri ilə yanaşı, elektron və dubstep üslubunda mahnılar səsləndirib.
Ən məşhur mahnılarını rəqs performansı ilə ifa edən Stirlinqi nağarada Drew Steen, gitarada Rayan Riveros müşayiət edib.
Təxminən bir saat yarım davam edən konsertdə məşhur virtuoz tamaşaçılara coşqulu anlar yaşadıb. 2012-ci ildə özünün adını daşıyan debüt albomunu çıxaran Lindsey Stirlinq indiyədək 6 studiya albomuna imza atıb.
Karyerası boyunca iki “Billboard” musiqi mükafatı qazanan Stirlinqin 2017-ci ildə çıxardığı “Warmer in Winter” albomu “Billboard”, “Amazon” və “iTunes”in "Holiday Album" siyahılarında birinci yerə yüksəlib.
Sosial media sayəsində pərəstişkarlarını artıran məşhur virtuoz Forbes jurnalının “2015-ci ildə dünyanın ən çox qazanan yutub ulduzları” siyahısında dördüncü yeri tutub.