ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycan ilə Ukraynanı tarixən bir-birinə bağlayan möhkəm dostluq əlaqələrinin müstəqillik illərində uğurla inkişaf etdiyini bildirən nazir, bu sahədə dövlətlərimizin başçılarının rolunu qeyd etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya və Prezident Viktor Yuşşenkonun ötən ay Azərbaycana səfərlərinin əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında mövcud zəngin müqavilə-hüquq bazası əsasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlıq həyata keçirilir. Belə əməkdaşlığın əyani ifadəsi olaraq Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayına görə Ukraynanın öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır. Nazir hüquqi əməkdaşlıq məsələsinə toxunaraq, bu sahədə qarşılıqlı fəaliyyətin həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirmiş, Ukrayna ədliyyə nazirinin 2002-ci ildə Bakıya səfəri zamanı imzalanmış “Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş”ə əsasən görülən tədbirlərin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
Ölkələrimizin ənənəvi dostluq münasibətlərinin xalqlarımızın maraqlarına xidmət etdiyini vurğulayan səfir, hüquq mühafizə orqanları arasında əlaqələrin mühüm rolunu qeyd edərək, faydalı əməkdaşlığa görə Ədliyyə Nazirliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, ədliyyə işçilərinin qarşılıqlı səfərləri ilə bağlı məsələlər müzakirə edilmiş, iki dövlət arasında hazırlanan müqavilə layihələri, həmçinin qarşılıqlı hüquqi yardım, məhkəmə qərarlarının icrası və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara aydınlıq gətirilmişdir.