Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bakı, 29 mart, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət olunmasına nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi istiqamətində tədbirlər Bakıda, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə qadağalara baxmayaraq, hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.
Həmçinin yol polisləri sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, nizam-intizama dəvət edirlər. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.